İDMAN
“Abşeron” və “Murov” klubları “Bahar kuboku” turnirinə qələbə ilə başlayıblar
Bakı, 17 mart, AZƏRTAC
Martın 17-də qadın voleybolçular arasında “Bahar kuboku” turnirinə start verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunan yarışın ilk matçı “Azərreyl” və “Abşeron” komandaları arasında olub.
Görüş “Abşeron”un üstünlüyü ilə başlayıb. Eldar Yusubovun komandası birinci setdə 25:13 hesabı ilə üstün olub. İkinci hissədə “Azərreyl” 25:18 hesabı qalib gəlsə də, növbəti setlər “Abşeron”un qələbəsi ilə başa çatıb – 3:1 (25:13, 18:25, 25:23, 25:17).
Günün ikinci qarşılaşmasında “Murov” UNEC-lə üz-üzə gəlib. Görüşün qalibi üç hissədə müəyyən olunub. “Murov” hər üç hissədə rəqibini məğlub edib - 3:0 (25:19, 25:15, 25:22)
Beləliklə, birinci yer uğrunda “Abşeron” “Murov” ilə, üçüncü yer üçün isə “Azərreyl” və UNEC münasibətinə aydınlıq gətirəcək.
Martın 18-də baş tutacaq həlledici görüşlərdən birincisi saat 14:00-da, digəri isə saat 16:00-da başlayacaq.