ELM VƏ TƏHSİL
Abşeron yarımadası və Qəbələdə çaytikanı bitkisinin becərilməsi və məhsuldarlığı tədqiq edilib

Bakı, 5 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Ekologiya və iqlimləşdirmə şöbəsi tərəfindən ekoloji şəraitdən asılı olaraq Abşeron yarımadasının quru subtropik iqlim şəraiti və Qəbələ rayonunun təbii torpaq-iqlim şəraitində çaytikanı bitkisinin becərilməsi və məhsuldarlığı tədqiq edilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Müəyyən edilib ki, iqlim dəyişkənliyi şəraitində mövcud olan ekoloji amillərin dəyişməsi çaytikanı bitkisinə müəyyən dərəcədə təsir edir. Abşeron şəraitində aqrotexniki tədbirlərin səmərəli aparılması ilə bu qiymətli bitki növündən yüksək məhsul almaq mümkündür. Abşeron yarımadasında çaytikanı bitkisinin şirəsi və toxumlarından alınmış yağ Qəbələ rayonunda alınmış yağ məhsulu ilə keyfiyyətcə eynidir. Çaytikanı meyvələri insan sağlamlığında zəngin qida məhsulları və tibbi preparatlar almaq üçün qiymətli xammaldır. Xalq təbabətində çaytikanı meyvələrindən alınan şirə və yağdan ağciyər, qaraciyər, mədə-bağırsaq, oynaq və digər xəstəliklərin müalicəsində istifadə olunur.
Çaytikanının ən mühüm xüsusiyyətlərindən biri atmosferdəki molekulyar azotu mənimsəmə qabiliyyətinə malik olmasıdır. Çünki onun kökündə azot toplayan bakteriyalar var. Bu da torpağın münbitləşməsinə şərait yaradır. Yeni fitosenoz yaratmaqla torpağı əkin üçün yararlı edir, məhsuldarlığını artırır. Odur ki, Abşeron şəraitində mədəni formada yayılması mümkün olan, lakin az yayılan unikal xassəyə malik olan çaytikanı növünün çoxaldılması, ondan yaşıllaşdırılmada geniş istifadə edilməsi tövsiyə olunur.