CƏMİYYƏT


Abşeron yarımadasında radon qazının səviyyəsi artıb

Bakı, 27 noyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) seminar keçirilib. Tədbirdə çıxış edən RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli gündəlikdə akademiyanın müxbir üzvü, geologiya-mineralogiya elmlər doktoru Çingiz Əliyevin “Azərbaycan ərazisində radonun paylanması və buna təsir edən faktorlar” mövzusunda məruzəsinin olduğunu bildirib. Məruzəçi Azərbaycan ərazisində radonun səviyyəsinin öyrənilməsi istiqamətində aparılan işlər və əldə olunan nəticələr barədə məlumat verib.

Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, Ç.Əliyevin Abşeron yarımadası və eləcə də respublikanın ayrı-ayrı bölgələrində apardığı elmi tədqiqatlar nəticəsində məlum olub ki, qapalı yerlərdə radon qazının səviyyəsi artıb. Tikinti işləri aparılarkən texnogen qaydalara əməl edilməməsi son illər Abşeron yarımadasında radon qazının səviyyəsinin bir qədər də artmasına səbəb olub. Digər tərəfdən isə alınmış nəticələr seysmik episentrlər xəritəsi ilə müqayisə edilib. Əldə olunmuş nəticəyə görə seysmik baxımdan aktiv olan və zəlzələ baş verən ərazilərdə radonun səviyyəsi də artır.

Məruzədə, həmçinin radonun insan orqanizminə təsiri və yaratdığı fəsadlar, xərçəng xəstəliyinin artması və digər məqamlara da toxunulub. Sonda məruzəçi iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, radon insan orqanizmi üçün olduqca təhlükəlidir və xərçəng xəstəliyinin yaranmasına səbəb olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.