İQTİSADİYYAT


“Abşeron” yatağının dəniz əməliyyatlarının təməlinin qoyulması Azərbaycanın neft-qaz sənayesində yeni mühüm hadisədir

Bakı, 23 sentyabr, AZƏRTAC

Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlinin qoyulması Azərbaycanın neft-qaz sənayesində yeni mühüm hadisədir. Dünyada pandemiyanın geniş yayıldığı və əksər ölkələrdə neft-qaz sənayesinə qoyulan investisiyaların həcminin azaldıldığı bir dövrdə belə bir layihənin icrasına başlanması təqdirəlayiqdir. Bu, onu göstərir ki, Azərbaycanda nəhəng investisiya layihələri uğurla həyata keçirilir, enerji sektorunda yeni axtarışlar və sərmayə planları əvvəlki kimi davam etdirilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

Deputatın sözlərinə görə, neft sənayesində xüsusi yerə malik olan “Abşeron” yatağı ölkəmizin karbohidrogen ehtiyatlarında önəmli paya malikdir. Ehtiyatları 350-360 milyard kubmetr həcmində qiymətləndirilən bu yataq həm daxili tələbatın ödənilməsi, həm də ölkəmizin ixrac potensialının güclənməsinə mühüm töhfə verəcək.

“Abşeron” yatağı üzrə işlərə başlanılmasının neft istehsalında yeni bir mərhələyə start verilməsi demək olduğunu bildirən A.Hüseynov deyib: “Bu yataq “Azəri”, “Çıraq”, “Günəşli” “Şahdəniz” və digər strukturlar kimi zəngin enerji mənbəyidir. “Bu enerji yatağının digər mühüm xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan artıq neftçıxarma sənayesində ən müasir texnologiyaları, avadanlıqları, dənizdə və quruda yerləşən bütün istehsalat-quraşdırma sahələrində tətbiq edilən qurğuları yerli istehsal hesabına təmin edir. Respublikamız artıq neçə ildir ki, neft sənayesindəki ən ağır dayaq bloklarını və platformaların tikintisini 100 faizi ölkə daxilində həyata keçirir. Bu işlər beynəlxalq standartlara uyğun şəkildə tam modernləşdirilmiş dünya səviyyəli istehsalat obyektləri olan Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda həyata keçirilir”.

“Qarabağ” dayaq blokunun da Azərbaycanda istehsal olunduğunu diqqətə çatdıran deputat deyib: “Azərbaycan hazırda “BOS Shelf” mərkəzləşmiş maddi-texniki və təchizat bazasına malik yerli şirkət kimi ən yüksək dünya standartlarına uyğun müasir texnologiyalardan istifadə edir, bloklar inşa edir. Bu platformanı kənardan, yəni, “Neft daşları”nda yerləşdirilən moduldan idarə etmək üçün innovativ həll yolları işlənilib hazırlanıb. “Abşeron” layihəsində Xəzərdə ilk dəfə “boru içində boru” texnologiyası tətbiq olunacaq. Bu baxımdan, Bakı dərin özüllər zavodunda ən mürəkkəb qurğuların tikilməsi neft sənayemizin yüksək inkişafının göstəricisidir”.

Deputat deyib ki, “Əsrin müqaviləsi”nin imzalanmasından 26 il keçməsinə baxmayaraq, dünyada Azərbaycanın neftinə maraq azalmır, əksinə, artır. “Hazırda TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır və hazırda Türkiyə bazarında Azərbaycan qazı birinci yerdədir. “Abşeron” yatağında ikinci fazadan çıxarılacaq qaz da TANAP xətti ilə Türkiyəyə ötürüləcək. İki ildən sonra “Qarabağ” yatağından ilk neft hasil olunacaq. “Qarabağ” yatağında neft ehtiyatları daha çoxdur və hasilatımızın sabit saxlanması üçün bunun böyük əhəmiyyəti var. Bu layihələr sırasında isə “Abşeron” layihəsi Azərbaycanın dünyada qaz ölkəsi kimi strateji mövqeyini gücləndirəcək. Məlum olduğu kimi, Azərbaycan son illər bir sıra mühüm qaz layihələri üzrə beynəlxalq müqavilələr imzalayıb. “Abşeron” yatağı üzrə kontrakt “Şahdəniz” qaz-kondensat yatağı üzrə kontraktdan sonra imzalanıb və iqtisadi əhəmiyyətinə görə, çox mühüm yer tutur.

“Bu layihə Azərbaycanın neft ölkəsindən qaz ölkəsinə çevrilməsi istiqamətində çox mühüm əhəmiyyət kəsb edir. Artıq respublikamız TANAP və TAP kəmərləri ilə Avropanın zəngin və etibarlı enerji təminatçısı hesab edilir. “Abşeron” yatağı bu enerji sisteminin tərkib hissəsi kimi uzun illər dünyanın enerji xəritəsində yer tutmaqla ölkəmizin yerini daha da möhkəmləndirəcək”, - deyə Aydın Hüseynov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.