REGİONLAR
Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Xırdalan, 20 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunda 20 Yanvar faciəsi qurbanlarının 31–ci ildönümü dərin ehtiramla yad edilib. Xırdalan səhərində şəhidlərin əziz xatirəsinə yeni inşa edilmiş “Şəhidlər” abidəsinin qarşısında keçirilən anım mərasimində ictimaiyyət nümayəndələri, 20 Yanvar şəhidlərinin və eləcə də I və II Qarabağ müharibələrində şəhid olmuş qəhrəmanlarımızın ailələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın müstəqilliyi, bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım mərasimində Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşi terror aktı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, kütləvi terror nəticəsində yüzlərlə günahsız insan qətlə yetirilib və yaralanıb. Vurğulanıb ki, Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsindən 31 il keçməsinə baxmayaraq, həmin hadisə təkcə Ümumxalq Hüzn Günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur.
Rayon sakinləri şəhidlərin məzarlarını ziyarət edib, Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda canından keçən Vətən oğullarının məzarları üzərinə qərənfillər düzüblər.