REGİONLAR
Abşeronda “Əziz Şuşa, sən azadsan” adlı tədbir böyük maraqla qarşılanıb
Sumqayıt, 6 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Abşeron Rayon Mədəniyyət Mərkəzində Xırdalan şəhər 11 illik musiqi məktəbinin təşəbbüsü ilə "Əziz Şuşa, sən azadsan" adlı tədbir keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbir ümummilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova 30 ilə yaxın işğal altında olan Qarabağ torpaqlarının Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə azad edilməsindən, hazırda dövlətimizin başçısının diqqət və qayğısı sayəsində həmin ərazilərdə aparılan abadlıq və quruculuq işlərindən danışıb.
Sonra çıxış edən Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan Ordusu tərəfindən Şuşa şəhərinin işğaldan azad olunması ilə tarixi ədalətin bərpa edildiyi günün - 8 noyabrın tariximizə Zəfər Günü kimi yazılmasının xalqımız üçün qürurverici olduğunu deyib.
Tədbirin bədii hissəsində Əməkdar müəllim İkram Manafovun rəhbərliyi ilə məktəbin istedadlı yetirmələri tərəfindən bir-birindən maraqlı kompozisiyalar təqdim olunub.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.