REGİONLAR
Abşeronda Beynəlxalq Müəllimlər Günü qeyd edilib
Xırdalan, 5 oktyabr, AZƏRTAC
Abşeron rayonunda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd edilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva və rayonun təhsil ocaqlarının əməkdaşları iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, iştirakçılar Heydər Əliyev Mərkəzində Ümummilli Liderin büstünü ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Dövlət Himni oxunub, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi sükutla yad edilib.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev əlamətdar gün münasibətilə müəllimləri təbrik edərək ölkəmizdə, o cümlədən Abşeron rayonunda görülən işlərdən ətraflı danışıb. RİH başçısı bildirib ki, ümummilli lider Heydər Əliyev daim təhsil işçilərinə böyük diqqət və qayğı ilə yanaşıb. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsil ocaqlarının maddi-texniki bazasının gündən-günə gücləndirilməsi, müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin mükafatlandırılması, təhsil sahəsində aparılan islahatlar şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Fond ölkədə məktəb tikintisi ilə yanaşı təhsil müəssisələrinin əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır. Yeni, müasir məktəblər, yeni təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir.
Qeyd edilib ki, ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da müasir standartlara uyğun məktəb binaları tikilərək sakinlərin istifadəsinə verilib və bu gün də bu istiqamətdə görülən işlər davam etdirilir. Bu ilin sentyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilən 2 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub. Eyni zamanda, sentyabrın 14-də Masazır kənd 6 saylı tam orta məktəbin yeni inşa olunan binası açılıb.
Sonra çıxış edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Xırdalan şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi, şəhid leytenant Fərid Məmmədovun həyat yoldaşı Şəhla Məmmədova, Saray qəsəbə 3 saylı tam orta məktəbin direktoru Təyyubə Hüseynova, Fatmayı kənd tam orta məktəbin direktoru Nuru Nadirov, Xırdalan şəhər 24 saylı körpələr evi-uşaq bağçasının müdiri Leyla Bayramova və digərləri ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlardan, əldə olunan uğurlardan və qarşıya qoyulan vəzifələrdən danışıblar.
Daha sonra Abşeron Rayon İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən fəaliyyətində fərqlənən bir qrup təhsil işçisinə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.