REGİONLAR
Abşeronda “Hərəyə bir şəhid övladı sevindirək” layihəsi keçirilir
Xırdalan, 7 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunda “Hərəyə bir şəhid övladı sevindirək” layihəsi həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti ünvan şəhid Musayev Sahib Musa oğlunun ailəsi olub.
Əvvəlcə şəhidin həyat yoldaşı Pərvin Musayeva ilə əlaqə saxlanılıb, övladlarının istəkləri öyrənilib. Xırdalan şəhər 15 saylı körpələr evi-uşaq bağçasının müdiri Mətanət Novruzova və bağçanın kollektivi tərəfindən şəhid ailəsinin və övladlarının arzuları yerinə yetirilib.
Qeyd edək ki, Musayev Sahib Musa oğlu Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının düşməndən azad edilməsində iştirak edib. Yaralı olmasına baxmayaraq, Şuşa uğrunda gedən döyüşlərə qatılıb və böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Vətən uğrunda”, “Şücaətə görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.