REGİONLAR
Abşeronda Ulu Öndərin xatirəsi yad olunub VİDEO
Xırdalan, 10 may, Ətrabə Rzayeva, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Abşeronda ümumrayon ağacəkmə aksiyası və iməcilik keçirilib. İcra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri aksiyada fəal iştirak ediblər.
Əvvəlcə Ulu Öndərin adını daşıyan parkda ağaclara qulluq edilib, yeni tinglər və gül kolları əkilib. Gün ərzində aksiya zamanı rayonun Mehdiabad-Novxanı, Hökməli-Qobu-Güzdək, Bakı-Şamaxı və Bakı Sumqayıt yolunun Abşeron rayonuna düşən hissələrində 6 min şam, 4 min zeytun ağacı, ümumilikdə isə 22 min ağac və gül kolu əkilib.
AZƏRTAC xəbər verir ki, mayın 10-da Xırdalandakı Heydər Əliyev Mərkəzində keçirilən bayram tədbirinin iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Mərkəzdə keçirilən tədbirdə Ümummilli Liderin hakimiyyətdə olduğu müddətdə gördüyü işlərdən, yürütdüyü siyasətdən, reallaşdırdığı böyük layihələrdən söz açılıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin qüdrətli zəkasından güc alan inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafını, xalqımızın daha firəvan gələcəyə qovuşmasını təmin edir.
Diqqətə çatdırılıb ki, Abşeronun kənd təsərrüfatı sahəsində uğurlar əldə edən rayon kimi formalaşması, inkişafı məhz Azərbaycan tarixinin Ulu Öndərlə bağlı dövrünə təsadüf edir. Abşeronda icra olunan müxtəlif infrastruktur və sosial layihələr Heydər Əliyev siyasi və iqtisadi xəttinin uğurları sırasındadır. Bu gün Prezident İlham Əliyevin uğurla və qətiyyətlə həyata keçirdiyi islahatlar, ölkəni böyük nailiyyətlər və tarixi qələbələr yolu ilə aparan, alternativi olmayan bu siyasət Heydər Əliyev yolunun təntənəsidir, əldə olunan nəticələr isə xalqın sabaha olan inamını artırır.
Tədbir respublikanın tanınmış incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.