REGİONLAR
Abşeronda kənd və qəsəbələr dezinfeksiya edilir
Xırdalan, 7 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Hazırda Abşeron rayonunda koronavirus (COVID-19) infeksiyası ilə bağlı epidemioloji durum ciddi nəzarət altında saxlanılmaqla yanaşı, önləyici, profilaktik tədbirlər də təxirə salınmadan həyata keçirilir. Rayon icra hakimiyyətinin başçısı yanında yaradılan operativ qərargahın tərtib etdiyi qrafik əsasında Gigiyena və Epidemiologiya Mərkəzinin və Mənzil-Kommunal İstismar sahələrinin əməkdaşları tərəfindən Xırdalan şəhəri də daxil olmaqla, rayonun Mehdiabad qəsəbəsi və Masazır kəndində geniş dezinfeksiya tədbirləri görülüb.
AZƏRTAC xəbər verir ki, sözügedən ərazilərdəki küçə və prospektlər, binaların həyətləri, bloklar, məhəccərlər, dayanacaqlar, o cümlədən fərdi yaşayış evlərinin ətrafları dezinfeksiya olunub.
Abşeron rayonu ərazisində həyata keçirilən “Böyüklərimizi qoruyaq!” adlı sosial aksiya ötən gün də uğurla davam etdirilir. Belə ki, qərargaha 10 çağırış olunub. Yaşı 65-dən yuxarı olan sakinlər dərman vasitələrinin, ərzaq məhsullarının alınıb verilməsini və digər sosial xidmətlərin göstərilməsini xahiş edib. Onların hər birinin yaşadığı ünvana gedilərək, lazımi xidmətlərlə təmin olunublar. Bununla da sosial xidmət göstərilən ahılların ümumi sayı 116-a çatıb.