REGİONLAR


Abşeronda məktəb direktorları ilə onlayn konfrans keçirilib

Xırdalan, 14 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron rayon ərazisində fəaliyyət göstərən məktəb direktorlarının iştirakı ilə onlayn formatda konfrans keçirilib. Konfrans Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, konfrans COVID-19 pandemiyası dövründə məktəblərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə və Təhsil Nazirliyinin müəyyən etdiyi qaydaların icrasına həsr olunub.

Tədbirdə ali məktəblərə keçirilən imtahan zamanı Abşeron məktəblilərinin yüksək nəticə göstərdiyi bildirilib.

Rayon rəhbərliyinin iştirak etdiyi tədbirdə bildirilib ki, respublika üzrə cəmi 2 abituriyent maksimum 700 bal toplayıb və onlardan da biri Xırdalan şəhər məktəbinin məzunudur.

Məktəblərdə dərslərin başlaması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl olunmasının vacibliyini qeyd edən rayon rəhbəri hər bir məktəbin mütəmadi olaraq dezinfeksiya edilməsinin, sosial məsafənin gözlənilməsinin, tibbi maskadan istifadənin zəruriliyini diqqətə çatdırıb.

Sonra Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova rayonda təhsil sahəsində əldə olunan uğurlardan danışıb. O, bu il ali məktəblərə keçirilən imtahanlarda iştirak edən rayon məzunlarının 76 faizinin ali məktəblərə daxil olduğunu, rayon üzrə 76 nəfərin 600-dən çox bal topladığını vurğulayıb. Rus dili üzrə göstəricilərdə isə Abşeron məzunlarının birinci yerdə qərarlaşdığını deyən N.Məmmədova ümumi göstəricilərə görə isə respublika üzrə Abşeronun 3-cü yerdə olduğunu diqqətə çatdırıb.

Sonra məktəb direktorlarının fikirləri dinlənilib, lazımi göstəriş və tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.