CƏMİYYƏT
Abşeronda müştərilərə qəlyan təklif edən çay evi aşkarlanıb VİDEO
Bakı, 25 oktyabr, AZƏRTAC
Qəlyandan istifadə edilməsinə şərait yaradan məkanların aşkarlanması istiqamətində polis əməkdaşları nəzarət-profilaktik tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “Rich” çay evində qəlyandan istifadə edilməsi barədə polisə məlumat daxil olub.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları həmin ünvana baxış keçiriblər. Obyektin icarədarı Rəvan Əliyev və daha altı müştəri polislər tərəfindən saxlanılıb. Müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və onların hər biri cərimə olunublar. Obyektin icarədarı barəsində tərtib edilən protokola baxılaraq tədbir görülməsi üçün rayon məhkəməsinə göndərilib.
Qeyd olunub ki, fəaliyyətinə icazə verilən kafe, restoran və çay evlərində bundan sonra da sanitar-karantin qaydalarının tələblərinə əməl olunmasına nəzarət məqsədi ilə polis əməkdaşları profilaktik tədbirləri davam etdirəcəklər.