İQTİSADİYYAT
Abşeronda palçıq vulkanları ərazisində avtomobil yolunun tikintisi işləri icra olunur
Bakı, 10 fevral, AZƏRTAC
Abşeron rayonunda yerləşən palçıq vulkanlarının ərazisində müasir turizm infrastrukturuna gedən avtomobil yolunun tikintisi işləri icra olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində 3-cü texniki dərəcəyə uyğun inşa edilən, ümumi uzunluğu 21 kilometr olan yeni yolun torpaq yatağının eni 12 metr, asfalt-beton örtüyünün eni isə 8 metr təşkil edəcək. Artıq yolboyu torpaq yatağı və yol əsası inşa edilib. Suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular təmir olunub, zəruri yerlərdə yenilənib. Hazırda yola 2 laydan ibarət 7 santimetr qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi və yol çiyinlərinin tikintisi işləri sonuncu mərhələyə uyğun aparılır.
Bərabər olaraq hərəkətin normal təşkili üçün yolboyu yol nişanları, siqnal dirəkləri quraşdırılır. Layihənin sonuncu mərhələsində yol-cizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.
Qeyd edək ki, paytaxtdan cəmi 20-25 kilometr aralıda Arbani adlı palçıq vulkanları yerləşən ərazidə salınması nəzərdə tutulan turizm kompleksinə gediş-gəlişi asanlaşdırmaq məqsədilə çəkilən bu yol, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə AAYDA-nın rəhbərliyinin birbaşa nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən inşa olunur. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.