REGİONLAR
Abşeronda şəhid ailələri ilə görüşlər davam edir
Xırdalan, 18 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunda şəhid ailələri tez-tez ziyarət olunur.
AZƏRTAC xəbər verir ki, bu günlərdə Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Hökməli, Qobu, Güzdək qəsəbələrində yaşayan Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş I Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub, onların qayğıları dinlənilib.
Rayon icra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Kərim Kərimov, Abşeron Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev, Hökməli, Qobu, Güzdək qəsəbə Bələdiyyə və inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən ərazi üzrə yaşayan bütün şəhid ailələri ziyarət edilib, Qarabağın azadlığı uğrunda canından keçmiş hər bir şəhidin adının tarixdə qalacağı vurğulanıb.
Həmçinin Güzdək qəsəbəsində yaşayan Vətən müharibəsi qazisi İmanov Bağı Tağı oğlunun ailəsi ziyarət olunub, ərzaq yardımı edilib. Qazinin problemləri dinlənilib, əlillik dərəcəsinin təyin olunması üçün müəyyən məsləhətləşmələr aparılıb.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.