REGİONLAR


Abşeronda şəhid baba və nəvənin xatirəsi əbədiləşdirilib

Xırdalan, 26 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron rayonunun Qobu qəsəbəsində şəhid baba və nəvənin xatirəsini əbədiləşdirmək məqsədilə abidə-bulaq kompleksi inşa olunub. Açılış mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidin ailəsi və əsgər yoldaşları iştirak edib.

AZƏRTAC xəbər verir ki, abidə-bulaq Hüseynov Gülverdi Ağahüseyn oğlunun və Qasımov Gülverdi Abil oğlunun xatirəsinə inşa olunub. Birinci Qarabağ müharibəsində şəhid olan Gülverdi Hüseynov Vətən müharibəsi şəhidi Gülverdi Qasımovun babasıdır.

Bulaq ərazisində əsaslı təmir-bərpa işləri həyata keçirilib. Abidənin ətrafına həmişəyaşıl gül kolları və müxtəlif növ dekorativ ağaclar əkilib.

Açılış mərasimində Vətənimizin bütövlüyü uğrunda döyüşlərdə Azərbaycan əsgərinin göstərdiyi şücaətdən söz açılıb. Bildirilib ki, məhz şəhidlərimizin qəhrəmanlıqları sayəsində torpaqlarımız düşməndən azad olunub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, iradəsi və qətiyyətli qərarları ilə 30 illik Vətən həsrətinə son qoyulub.

Sonra qəsəbə ağsaqqallarından Məhəbbət Qasımov, xeyriyyəçi Ağasəlim Məmmədov, Gülverdi Hüseynovun təhsil aldığı Qobu 2 nömrəli tam orta məktəbin direktoru Səkinə Abbasova çıxış edərək, baba və nəvənin qəhrəmanlıqlarından, onların döyüş yolundan danışıblar.

Məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.

Daha sonra şəhidin valideynləri Abil və Pakizə Qasımovalar ilə görüşən rayon rəhbərliyi onların qayğı və problemləri ilə maraqlanıb.

Şəhidin ailə üzvləri ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə ediblər.

Sonda şəhidlərimizin ruhuna dualar oxunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.