Abşeronda şəhid övladları diqqət mərkəzindədir
AzerTAg.az
Xırdalan, 28 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Qələbə qazandığı Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə ucalan, “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medallarına layiq görülən şəhid gizir Azad Yolçuyevin qızı Həbibə Yolçuyevanın 2 yaşı tamam olur. Bu münasibətlə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Masazır qəsəbə bələdiyyəsinin və qəsəbə icra nümayəndəliyinin əməkdaşları şəhidin əvvəllər yaşadığı evində olub, övladının doğum gününü ailə üzvləri ilə birlikdə qeyd ediblər.
AZƏRTAC xəbər verir ki, Vətən uğrunda canından keçən şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib. Qeyd olunub ki, son illərdə ordu quruculuğu istiqamətində görülən işlər silahlı qüvvələrin regionun ən qüdrətli ordusu olması ilə nəticələnib. Bunun nəticəsidir ki, Ordumuz düşmən təxribatının qarşısını almaq məqsədilə başladığı və 44 gün davam edən Vətən müharibəsində tarixi ədaləti bərpa edib, işğal altındakı torpaqlarımız azad olunub. Vətən müharibəsində qazandığımız Qələbənin əsasında isə xalqımızın həmrəyliyi, Ali Baş Komandanın iradəsi, Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti dayanır.
Şəhidin həyat yoldaşı Ləman Yolçuyeva həyatlarının hər bir anında onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Ömür-gün yoldaşının xatirəsinin əziz tutulmasını, daim yad olunmasını Azad Yolçuyevin timsalında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndirib.





Xəbərin mətnində orfoqrafik səhv var