REGİONLAR
Abşeronda şəhidlərimizin xatirəsinə ucaldılmış kompleks ziyarət olunub, dualar oxunub
Xırdalan, 27 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Anım Günündə Abşeron rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub. Mərasimdə Abşeron Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə rayon ərazisində keçirilən ağacəkmə aksiyasında 520 ədəd şam və zeytun ağacı əkilib.
Sonra iştirakçılar Xırdalan şəhərində yerləşən Şəhidlər xiyabanına gələrək şəhidlərimizin əziz xatirəsini anıb, məzarları üzərinə tər çiçəklər düzüblər.
Daha sonra şəhidlərimizin xatirəsinə ucaldılmış “Şəhidlərin xatirəsinə” kompleksi ziyarət olunub, dualar oxunub. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Anım mərasimi Abşeron Rayon Mədəniyyət Mərkəzinin hazırladığı bədii hissə ilə davam edib.
Sonda rayon rəhbərliyi şəhid ailələri ilə görüşüb, onların qayğıları və problemləri ilə maraqlanıb.