REGİONLAR
Abşeronda uşaq bağçalarının açılması ilə əlaqədar hazırlıq işləri görülür
Xırdalan, 12 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunda məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətə başlaması üçün lazımi hazırlıq işləri görülür.
Bu barədə AZƏRTAC-a Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımov məlumat verib.
Bildirilib ki, fevralın 15-dən uşaq bağçalarının açılması nəzərdə tutulur. Bununla əlaqədar olaraq rayon ərazisindəki məktəbəqədər təhsil müəssisələrində müvafiq sanitar-gigiyenik normalara və xüsusi karantin rejiminin tələblərinə əməl edilməklə dezinfeksiya və deratizasiya işləri aparılıb.
Uşaq bağçalarının tərbiyəçiləri və texniki işçiləri hazırkı şəraitdə işləmək qaydaları barədə təlimatlandırılıb. Məktəbəqədər təhsil müəssisələrinin həyətləri, yataq, oyun, mətbəx və digər otaqlar təmizlənib. Otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər görülüb. Bundan əlavə, bağçalar xüsusi dezinfeksiyaedici məhlullarla təmin olunub.
Bağçaların istilik sistemi yoxlanılıb, elektrik və su xətlərində olan nasazlıqlar aradan qaldırılıb.