REGİONLAR
Abşeronlu idmançılar müxtəlif idman yarışlarında 256 medal qazanıb
Xırdalan, 13 may, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunda 6300 nəfərə yaxın yeniyetmə və gənc idmanın 28 növündə məşğul olur. Rayon gəncləri ilin birinci rübündə 10 respublika tədbirində, 30 beynəlxalq və 48 respublika idman yarışında iştirak edib.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev AZƏRTAC–a bildirib ki, müxtəlif idman yarışlarında iştirak edən gənclər 256 medal qazanıb: “Ötən il idmançılarımız 11 xarici ölkədə keçirilən beynəlxalq yarışlarda 45 qızıl, 24 gümüş və 25 bürünc medal əldə edib. Fəxrimiz Hacı Əliyev Rusiyada keçirilən sərbəst güləş üzrə Avropa çempionatında qızıl medal qazanaraq 5 qat Avropa çempionu adına layiq görülüb. Həmçinin Xırdalan şəhər 1 saylı tam orta məktəbin şagirdi 12 yaşlı Ümid Aslanov Qazaxıstanda keçirilən şahmat üzrə beynəlxalq turnirdə qızıl medal qazanıb. Belə uğurlar özünü medalların sayında daha qabarıq göstərir”.