İQTİSADİYYAT
“Abşeronneft” NQÇİ bu il neft hasilatının 385 min tona çatdırılmasını hədəfləyir
Bakı, 10 yanvar, AZƏRTAC
“Azneft” İstehsalat Birliyinin (İB) “Abşeronneft” neft və qazçıxarma idarəsinin (NQÇİ) kollektivi hasilatın nəinki stabilləşdirilməsinə hətta, neft və qaz hasilatının artırılmasını nəzərdə tutan birlik tərəfindən hazırlanmış proqramın uğurlu icrası ilə son illərin illik rekord hasilat göstəricinə nail olub.
“Azneft” İB-dən AZƏRTAC-a bildirilib ki, “Abşeronneft” NQÇİ-nin kollektivi 2016-cı il ərzində nəzərdə tutulan 313 min 900 ton plana qarşı, 363 min 671 ton neft hasil edərək, planın 115,9 faiz yerinə yetirilməsinə nail olub. Plandan əlavə 49 min 771 ton neft hasil edilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə isə neft hasilatı 40 min 450 ton, yəni 12,5 faiz çox neft əldə edilib. 2017-ci ildə neft hasilatının 385 min tona çatdırılması (yəni orta gündəlik 1055 ton) qarşıya hədəf qoyulub.
1986-cı ildən etibarən hasilatın sürətlə azaldığı “Abşeronneft”də son illər ərzində neft hasilatı ilbəil artmağa başlayıb.
2016-cı ildə qaz hasilatı planı da artıqlaması ilə – 101 faiz yerinə yetirilib. Plan üzrə 44 milyon 200 min kubmetr qaz əvəzinə 44 milyon 666 min kubmetr qaz hasil edilib. Yəni plandan əlavə 466 min kubmetr qaz əldə olunub.
Rekord həddə çatmada əsas təsiredici amillərdən biri idarənin balansındakı quyu fondu üzərində aparılan əməliyyatların bəhrəsi olub. Bunun nəticəsidir ki, keçici quyu fondundan 2012-ci ildə 168 min 554 ton, 2013-cü ildə 204 min 756 ton, 2014-cü ildə 236 min 44 ton, 2015-ci ildə 272 min 696 ton, ötən il isə 305 min 896 ton neft alınıb. Keçən il ərzində fəaliyyətsiz quyu fondundan 24 quyu nəzərdə tutulduğu halda 33 quyu təmir edilərək istismara qaytarılıb.
Hasilatın artmasının başlıca amillərdən biri quyu fondunun yenilənməsi, davamlı olaraq yeni quyuların qazılaraq istismara verilməsi olub. Belə ki, ötən il ərzində qazmadan 23 yeni quyu istismara daxil edilib və bu quyulardan 42 min 912 ton neft hasil olunub.
İstismarda olan quyularda neft hasilatını stabil saxlamaq məqsədilə il ərzində çoxsaylı geoloji-texniki tədbirlər keçirilib və onlardan müsbət nəticələr alınıb.
Görülən işlərlə yanaşı 2013-cü ildən başlayaraq idarədə erlift üsulu ilə işləyən quyuların sayı surətlə artıb. Bu üsul yüksək səmərə verdiyi üçün 2012-ci ildən başlayaraq quyuların sayı 2 quyudan 2016-cı ilin sonunda 88 quyuya çatdırılıb. Bu quyulardan hasil edilən neft 1984 tondan 2016-cı ilin sonunda 101 min 589 tona çatdırılıb.
İdarədə yeni texnika və texnologiyanın tətbiqinə də geniş yer verilib. İl ərzində quyudibi zonanın turşu ilə işlənməsi 25 quyuda tətbiq olunub və 510 ton əlavə neft alınıb. Tıxac təmizləyən qurğu 60 quyuda tətbiq edilib və 290 ton əlavə neft alınıb.
Son illər ərzində idarənin istismar etdiyi yataqlarda irimiqyaslı yenidənqurma və təmir işləri həyata keçirilib. Belə ki, 11 stasionar dəniz özülü əsaslı təmir edilib və bu özüllərdə fəaliyyətsiz fondda olan 34 quyu əsaslı təmir edilərək istismara qaytarılıb. Hazırda bu quyulardan sutkalıq 100 ton neft alınır.