İQTİSADİYYAT


“Abşeronneft” NQÇİ dörd ayda neft hasilatı planını 111,5 faiz yerinə yetirib

Bakı, 26 may, AZƏRTAC

“Abşeronneft” neft və qazçıxarma idarəsi (NQÇİ) bu ilin ilk dörd ayı ərzində neft hasilatı planını 111,5 faiz yerinə yetirib.

“Azneft” İstehsalat Birliyindən (İB) AZƏRTAC-a bildirilib ki, bu barədə “Abşeronneft” neft və qazçıxarma idarəsində keçirilən müşavirədə məlumat verilib. “Azneft”in baş direktoru Daşqın İskəndərovun rəhbərliyi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılovun, “Neftqaztikinti” trestinin rəisi Mirkazım Abbasovun, eləcə də aidiyyəti mütəxəssislərin iştirak etdiyi işçi heyət “Abşeronneft” NQÇİ-də olublar. Müşavirənin məqsədi sözügedən idarənin istismar etdiyi obyektlərin hidrotexniki qurğularının, dəniz özüllərinin, texnoloji obyektlərin, kommunikasiya qovşaqlarının mövcud vəziyyətinin araşdırılması, “Abşeronneft” NQÇİ-nin 2017-ci ilin 4 ayı ərzində gördüyü işlərin müzakirəsi olub. D.İskəndərov “Abşeronneft” NQÇİ-nin hər il hasilatı bir qədər də artırdığını deyib.

Daha sonra idarənin rəisi Şahmar Hüseynov 2017-ci ilin 4 ayı ərzində görülmüş işlər barəsində geniş məlumat verib. O bildirib ki, hasilatın qorunub saxlanılması və artırılması istiqamətində lazımi bütün tədbirlər görülüb. Belə ki, 2017-ci ilin 4 ayında nəzərdə tutulan neft hasilatı üzrə tapşırıq 115 min 740 ton əvəzinə 129 min 79 ton, yəni 111,5 faiz yerinə yetirilib. Əlavə 13 min 339 ton artım olub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatı 17 min 577 ton, yəni 15,8 faiz artıb (2016-cı ildə neft hasilatı faktiki – 111 min 502 ton təşkil edib). Cari ilin 4 ayında qaz hasilatı da plana qarşı 102,3 faiz yerinə yetirilib. Əlavə 297 min kubmetr qaz hasil edilib. Ötən ilin 4 ayında qaz hasilatı 12 milyon 533 min kubmetr, bu il isə 13 milyon 447 min kubmetr olub. Cari il keçən illə müqayisədə qaz hasilatı 914 min kubmetr artıb və artım tempi 7,3 faiz təşkil edib.

İdarə rəisi “Abşeronneft” NQÇİ-də cari ilin birinci rübündə 13 yeni quyunun qazılaraq təhvil verildiyini bildirib. Hazırda 5 quyunun mənimsəmədə olduğu ifadə olunub. Eyni zamanda, cari ilin 4 ayı ərzində yan lülə kəsilişi ilə 2 quyunun qazılmasının planlaşdırıldığı halda faktiki olaraq 3 quyunun qazılaraq istismara verildiyi açıqlanıb. Üç quyudan isə 124 ton plana qarşı, 474 ton əlavə neft alınıb.

Cari ilin ilk 4 ayında fəaliyyətsiz fonddan 4 quyunun istismara qaytarılması planlandığı halda 10 quyunun istismara daxil edildiyi bildirilib. Bu quyulardan 2 min 486 ton neft alınıb. Cari ilin sonuna kimi daha 10 quyunun istismara qaytarılması və buradan da 6,5 min ton səmərə alınması planlaşdırılır.

Bundan başqa, “Qoşadaş” sahəsində görülmüş işlər haqqında məlumat verilib. Bildirilib ki, burada 3D seysmik işləri yekunlaşıb və 2 axtarış-kəşfiyyat quyusunun qazılması tövsiyə olunub.

Hasilatın artırılması məqsədilə “Abşeronneft” NQÇİ-də 2017-ci ildə mövcud infrastrukturun təkmilləşdirilməsi, yeni obyektlərin tikintisi ilə bağlı xeyli işlərin görüləcəyi bildirilib. Belə ki, cari ilin sonuna kimi 20 obyektin təhvil verilməsi planlaşdırılır. Eyni zamanda, cari ilin 4 ayı ərzində 3 obyektdə (340, 500 və 600) əsaslı təmir işləri görülüb.

İdarədəki çatışmazlıqlar barədə problemlər dinlənilib və problemlərin aradan qaldırılmasına dair müvafiq göstərişlər verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.