REGİONLAR
Abşeronun kənd və qəsəbələrində koronavirus pandemiyasına qarşı qorunmağın yolları barədə maarifləndirmə-təbliğat işləri aparılır
Xırdalan, 2 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyi rayonun kənd və qəsəbələrində Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və göstərişlərinin icrası, ciddi karantin rejiminin tətbiqi, COVID-19 infeksiyasına qarşı görülməli olan profilaktik tədbirlərlə bağlı əhali arasında maarifləndirmə-təbliğat işləri aparıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC–a bildirilib ki, icra hakimiyyətinin başçısı İradə Gülməmmədova Mehdiabad, Novxanı, Masazır, Digah, Məmmədli, Saray, Fatmayı və digər qəsəbələrdə sakinlərlə görüşərək, onlara koronavirus pandemiyasının təhlükələri, ondan qorunma yolları haqqında məlumat verib. Kənd və qəsəbə icra nümayəndələrinin, bələdiyyə üzvlərinin və polis əməkdaşlarının da iştirak etdiyi təbliğat prosesində sakinlərlə fərdi izahetmə-xəbərdarlıq işləri aparılıb, onlara şəxsi gigiyena qaydalarına əməl etməyi, özünütəcrid tədbirlərinə uyğun davranmağı, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağı, digər şəxslərlə minimum təmasda olmağı, insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə ediblər. Həmçinin sakinlərə spirt, tibbi maskalar, əlcəklər və maarifləndirici çap materialları paylanılıb.
Bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması və həyata keçirilən təbliğat işlərinin səmərəliliyinin daha da artırılması məqsədi ilə səsgücləndirici qurğular quraşdırılmış avtomobillərlə rayon ərazisində genişmiqyaslı maarifləndirmə tədbirləri görülür. Bu təbliğat qruplarında iştirak edənlərin sayı 50 nəfərə çatdırılaraq maarifləndirmənin fasiləsiz aparılması təmin edilib.
Eyni zamanda, rayon icra hakimiyyətinin başçısı yanında yaradılan operativ qərargahın tərtib etdiyi qrafikə uyğun olaraq kənd və qəsəbə icra nümayəndələri, bələdiyyə üzvləri və könüllülər küçə-küçə, ev-ev gəzərək əhali arasında maarifləndirmə tədbirləri görürlər.