REGİONLAR


Abşeronun nümayəndə heyəti Misirdə səfərdə olub

Xırdalan, 6 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron rayonunu Misirin Qalubiyyə vilayəti ilə dostluq telləri bağlayır. Vaxtaşırı hər iki regionun nümayəndələri qarşılıqlı səfərlər edir, əməkdaşlıq perspektivlərini müəyyənləşdirirlər.

AZƏRTAC xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, memarlıq və tikinti şöbəsinin müdiri Akif Əliyev növbəti səfər çərçivəsində ölkəmizin Misirdəki səfiri Tural Rzayev və Qalubiyyə vilayətinin qubernatoru Alaa Abdelhalim ilə birlikdə Azərbaycan parkına gələrək ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Nümayəndə heyəti parkda fəaliyyət göstərən kitabxanaya baş çəkiblər. Qonaqlar, həmçinin parkda abşeronluların həyata keçirdiyi əsaslı yenidənqurma və bərpa işləri ilə də tanış olublar.

Qalubiyyə vilayətinin qubernatoru Alaa Abdelhalim ilə keçən görüşdə Azərbaycan-Misir əlaqələrinin uğurla davam etdiyi, əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb.

Fuad Cəbrayılov 2007-ci ildə Qalubiyyə ilə Abşeron rayonunun qardaşlaşması barədə protokolun imzalandığını xatırladaraq, sənədin bütün müddəalarının uğurla yerinə yetirildiyini bildirib. Abşeronda Azərbaycan-Misir dostluq parkı, Xırdalan şəhərinin mərkəzində Qalubiyyə küçəsi, Misir-ərəb təmayüllü məktəb, Qalubiyyədə isə Heydər Əliyev parkı, Azərbaycan küçəsi və Azərbaycan-Misir dostluq məktəbinin olması iki ölkə arasında dostluğun əyani təzahürü kimi qiymətləndirilib.

Görüşdən sonra Qalubiyyə vilayətində fəaliyyət göstərən Azərbaycan-Misir dostluq məktəbi də ziyarət olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.