REGİONLAR
Abşeronun təhsil müəssisələrində monitorinqlər keçirilir
Xırdalan, 1 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv idarə olunması, tədris və təlim-tərbiyə prosesinin iştirakçılarına bu cür hallarla bağlı təsirin minimuma endirilməsi üçün Abşeron Rayon İcra Hakimiyyəti, Təhsil Şöbəsi və Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən təhsil müəssisələrində monitorinqlər keçirilib.
AZƏRTAC xəbər verir ki, Xırdalan şəhəri, Masazır, Novxanı kənd məktəblərində keçirilən monitorinqlər zamanı təhsil prosesinin Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun şəkildə təşkil olunub – olunmadığı yoxlanılıb. Bildirilib ki, əgər məktəbin binasında (korpuslarında) birdən çox giriş qapısı varsa, onlar müvafiq hərflərlə kodlaşdırılmalı (A, B, C və s) və hər bir giriş qapısının önündə sosial məsafənin gözlənilməsi üçün dayanma işarələri çəkilməlidir. Bu proses daha çox şagird sıxlığı çox olan məktəblərə tövsiyə edilir və bu zaman məsafədən hərarət ölçən cihazın sayı nəzərə alınmalıdır. Həmçinin şagirdin hansı girişdən daxil olacağı barədə valideynlərə əvvəlcədən məlumat verilməlidir.
Diqqətə çatdırılıb ki, şagirdin hərarəti 37.1 C dərəcədən aşağı olduğu halda, o, sinif otağına yönəldilməlidir. Hərarət həmin həddən yüksək olduqda, məktəbin həkimi tərəfindən valideyn təcili təlimatlandırılmalı və şagird geri qaytarılmalıdır.
Bildirilib ki, sanitariya qovşağında bütün səthlər xüsusi dezinfeksiyaedici vasitələrlə iki saatdan bir təmizlənməli və dezinfeksiya edilməlidir.
Texniki işçi heyəti təmizlik zamanı əlcək və maskadan istifadə etməli, təmizlik prosesindən sonra istifadə olunan qoruyucu vasitələr xüsusi qapalı zibil qutularına atılmalıdır.