DÜNYA


Əbu-Dabi Əmirliyi dərman təchizatını dronlar vasitəsilə həyata keçirəcək

Qahirə, 22 sentyabr, AZƏRTAC

Əbu-Dabi Əmirliyinin Səhiyyə Departamenti Yaxın Şərq və Şimali Afrikada ilk dəfə olaraq, dərman təchizatını dronlar vasitəsilə həyata keçirəcək. AZƏRTAC xəbər verir ki, rəsmi Emirates agentliyi bu məqsədlə 2022-ci ilin sonunadək 40 stansiyadan ibarət dron şəbəkəsinin yaradılacağı barədə məlumat yayıb. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) qlobal innovasiya habına çevrilməsi proqramı çərçivəsində həyata keçiriləcək bu layihə əmirliyin müxtəlif yerlərinə təcili dərman və tibbi ləvazimat çatdırılmasını təmin edəcək.

Yeni layihə BƏƏ-nin Baş Mülki Aviasiya İdarəsi, SkyGo və Matternet şirkətlərinin iştirakı ilə reallaşacaq. Dərmanlarla yanaşı, dronlarla qan bankı və COVID-19 əleyhinə vaksin də daşınacaq. Əbu-Dabi Əmirliyi Səhiyyə Departamentinin rəhbəri Abdulla Əl-Həmid bildirib ki, dron şəbəkəsi dərman və tibbi ləvazimatların təcili çatdırılması ilə yanaşı, karbon qazının emissiyasının azaldılması, avtomobil yollarında sıxlığın aradan qaldırılması baxımından da əhəmiyyətli olacaq.

Artıq SkyGo və Matternet şirkətləri dronların səhiyyə sistemində istifadəsinin ilk sınaqlarını başa çatdırıblar. Əbu-Dabinin Zayid idman şəhərciyindən buraxılan və 92 metr hündürlükdə uçan pilotsuz aparatlar dərmanları uzaq məsafədə yerləşən tibbi laboratoriyaya çatdırıblar.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.