İQTİSADİYYAT


Əbu-Dabi otellərində qiymətlər ucuzlaşıb

Bakı, 17 iyul, Emil Eyyubov, AZƏRTAC

Əbu-Dabi İcraiyyə Şurası turizm sektorunda vergilərin 6 faizdən 3,5 faizədək, bələdiyyə vergilərinin 4 faizdən 2 faizədək azaldılması barədə əsasnaməni təsdiq edib. Şura otel nömrələri üçün bələdiyyə rüsumlarının 15 dirhəmdən 10 dirhəmədək azaldılmasını da bəyənib. Bu dəyişikliklər 2018-ci il iyulun 1-də qüvvəyə minib. Əbu-Dabidə turizm və bələdiyyə rüsumlarının azaldılması sayəsində əmirliyin otellərində yaşamaq turistlərə daha ucuz başa gələcək.

Əbu-Dabi Mədəniyyət və Turizm Departamentinin sədri Məhəmməd Xəlifə Əl Mübarəkin fikrincə, İcraiyyə Şurasının departamentin turizm və bələdiyyə rüsumlarının azaldılması barədə təklifini qəbul etmək qərarı beynəlxalq turizm sahəsində əmirliyin rəqabətədavamlılığını artıracaq.

Əl Mübarək deyib: “Əbu-Dabinin mehmanxana müəssisələri regional və qlobal turizm bazarları ilə müqayisədə daha çox turist qəbul edə bilər. Bu qərar sayəsində əmirlikdə otel infrastrukturunun inkişafı geniş vüsət alacaq. Əsasnamənin təsdiq edilməsi Əbu-Dabini investorlar üçün daha cəlbedici edəcək, turizmlə bağlı digər layihələri həyata keçirməyə, o cümlədən mehmanxana şəbəkəsini genişləndirməyə şərait yaradacaq. Rüsumların minimuma endirilməsinin otellərdəki qiymətlərə cüzi təsir göstərdiyini nəzərə alaraq ümid edirik ki, yaradılan imkanlar əmirliyi həm regionda, həm də onun hüdudlarından kənarda prioritet turizm istiqamətinə çevirəcək”.

Xatırladaq ki, Əbu-Dabi Mədəniyyət və Turizm Departamenti əmirliyin mədəni irsinin qorunub saxlanılmasının, onun həm qonaqlar, həm də yerli sakinlər üçün özünəyetərli və komfortlu turizm və biznes istiqamətinə çevrilməsinin qayğısına qalır. Departament əmirliyə turistlərin axınını təmin etmək, daha çox investisiya cəlb etmək məqsədi ilə dünya turizm xidmətləri bazarında Əbu-Dabini irəlilətməklə məşğuldur. Departamentin siyasəti, planları və proqramları regionun autentikliyinin qorunub saxlanılmasına, o cümlədən onun mədəni, arxeoloji və tarixi abidələrinə qayğı ilə yanaşılmasına, quruculuq işlərinə yönəlib. Departament əmirlikdə zəngin mədəni mühit formalaşdırmaq üçün intellektual və yaradıcı təşəbbüslərə dəstək göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.