DÜNYA
Əbu-Dabi rəqəmsal transformasiya üzrə səyləri gücləndirir
Əbu-Dabi, 24 mart, AZƏRTAC
Əbu-Dabinin İntellektual Həll və Xidmətlər İdarəsi (ADSSSA) və ABŞ-ın aparıcı Hewlett Packard Enterprise (HPE) şirkəti arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında rəqəmsal transormasiya səylərinin artırılmasını nəzərdə tutan yeni strateji qarşılıqlı anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sözügedən sənədin imzalanması həmin idarənin rəisi Cassim Al Zaabi ilə HPE şirkətinin prezidenti və baş direktoru Antonio Neri arasında Əbu-Dabi hökumətinin yüksək səviyyəli xidmətlər barədə götürdüyü öhdəliklər çərçivəsində həyata keçiriləcək iddialı plan və layihələrin müzakirəsindən sonra baş tutub. Memorandum hökumətin əsas innovasiyalar və nailiyyətlərlə təmin edilməsinə imkan verəcək.
Tərəflər hökumət infrastrukturunda rəqəmsallaşmanın daha da sürətləndirilməsi və onun səmərəliliyinin artırılması üzrə əməkdaşlığın gələcək inkişafından məmnunluq ifadə ediblər. ADSSSA süni intellektin tətbiqi və vətəndaşların onlayn və TAMM xidmətlərinə inteqrasiyası sahəsində HPE-nin təcrübəsinin öyrənilməsinə dair BƏƏ-də genişmiqyaslı iş aparacaq. Şirkətin qlobal innovasiya mərkəzləri dünyada bütün hökumətlər tərəfindən qəbul edilən ən yaxşı rəqəmsal texnologiyaların tətbiqi sahəsində biliklərini bölüşəcəklər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi