MƏDƏNİYYƏT


Abu-Dabidə keçirilən sərgidə gənc qadın rəssamlarımızın əsərləri yüksək qiymətləndirilib

Abu-Dabi, 19 oktyabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında gənc qadın rəssamlarımızın əsərlərindən ibarət sərgi açılıb. Sərginin açılış mərasimi Abu-Dabinin məşhur “Emireyts Palas” otelində Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi və Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə keçirilən tədbirə təsadüf edib.

AZƏRTAC xəbər verir ki, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin “Azərbaycanın rənglər dünyası Abu-Dabidə” adlı layihəsi çərçivəsində təşkil olunan sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin köməyi ilə reallaşıb. Sərgidə gənc rəssamlar Nərminə Vəliyeva, Günay Həsənova, Zəhra Məmmədova, Ayan Nəbiyeva, Roza Muradlı və Sofiya Rəsulovanın əsərləri nümayiş etdirilib.

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyeva AZƏRTAC-a müsahibəsində deyib: “Bu layihənin həyata keçirilməsi iyunun əvvəlinə planlaşdırılmışdı. Lakin səfirlikdən Azərbaycanın Dövlət Müstəqilliyi Günü ərəfəsində tədbir keçiriləcəyi barədə məlumat verildikdən sonra biz qərara aldıq ki, sərgini həmin ərəfədə təşkil edək. Tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin yüksəkrütbəli məmurları, iş adamları, incəsənət xadimləri, eləcə də bu ölkədə fəaliyyət göstərən diplomatik korpusun çoxsaylı nümayəndələri iştirak etdiyi üçün əminliklə deyə bilərik ki, biz bu insanları Azərbaycan rəssamlarının rənglər dünyası ilə tanış edə bildik”.

Rəsmi açılışdan sonra BƏƏ-nin xarici işlər nazirinin müavini Əhməd Sari Əl Məzrui Azərbaycanın gənc qadın rəssamlarının əsərləri ilə yaxından tanış olub, ayrı-ayrı əsərlər barədə fikirlərini bölüşüb, bütövlükdə sərginin iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə olduğunu söyləyib. Əmirliyin rəsmisi sərgi ilə tanışlıq zamanı Şəhla Nağıyeva və istedadlı rəssam Nərminə Vəliyeva ilə rəsmlərin mövzu rəngarəngliyi barədə səmimi söhbət edib, belə tədbirlərin xalqlar arasında dialoqun güclənməsinə kömək etdiyini xüsusi vurğulayıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Abu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.