SİYASƏT


Əbu-Dabidə təşkil olunacaq Qlobal Media Konqresi ilə bağlı İslam ölkələrinin informasiya agentlikləri üçün onlayn formatda təqdimat keçirilib VİDEO

Bakı, 1 avqust, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Milli İnformasiya Agentlikləri Birliyi (UNA) bu il noyabrın 15-17-də Əbu-Dabi şəhərində təşkil olunacaq Qlobal Media Konqresi ilə bağlı təqdimat keçirib.

Onlayn formatda keçirilən təqdimatda AZƏRTAC-ın İdarə Heyətinin sədri, UNA-nın Şura üzvü Aslan Aslanov iştirak edib. Eyni zamanda, tədbirə UNA-ya üzv 40-dan çox agentliyin rəhbərləri və nümayəndələri qatılıblar.

UNA-nın Baş direktorunun vəzifələrini icra edən Məhəmməd Əbd Rabbi Əl Yami məlumat verib ki, Qlobal Media Konqresi Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini Şeyx Mənsur bin Zayed Əl Nəhyanın himayəsi altında WAM informasiya agentliyinin təşkilatçılığı ilə keçiriləcək. “Media sənayesinin gələcəyinin formalaşması” mövzusunda keçiriləcək Konqres dünyada informasiya sənayesi ilə tanışlıq və cəmiyyətlərin davamlı inkişafında əsas amilə çevrilən bu sahənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək üçün mühüm qlobal platforma hesab edilir. Tədbirə 200-dən artıq media qurumunun rəhbərinin, 1200-dən çox nümayəndənin qatılacağı nəzərdə tutulub. Konqres çərçivəsində təşkil olunacaq panel sessiyalarda tanınmış media ekspertlərinin, xəbər agentliklərinin nümayəndələrinin çıxış edəcəyi gözlənilir. Konqresin məqsədi dünya mediasının gələcəyinin çərçivəsini və xüsusiyyətlərini müəyyənləşdirməkdə əsas rol oynayan mütərəqqi həllərin müzakirəsi, beynəlxalq və regional miqyasda medianın hazırkı vəziyyətinə baxış və bu sahənin inkişafı üçün innovativ yanaşmaların nəzərdən keçirilməsidir.

Təqdimat zamanı Konqresdə informasiya agentlikləri üçün yaradılacaq şərait, təcrübə mübadiləsi, işgüzar əlaqələrin qurulması imkanları diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.