MƏDƏNİYYƏT
Əbu Nəsir əl-Fərabinin 1150 illik yubileyi münasibətilə Qazaxıstanda silsilə tədbirlərə start verilib
Almatı, 29 yanvar, AZƏRTAC
Almatıda IX-X əsr Şərq fəlsəfəsi və elmi fikrinin görkəmli nümayəndəsi, böyük türk filosofu Əbu Nəsir əl-Fərabinin 1150 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərə start verilib.
AZƏRTAC xəbər verir ki, yubiley çərçivəsində Qazaxıstanla yanaşı, xarici ölkələrdə də Əl-Fərabi irsinə həsr olunmuş elmi konfranslar, simpoziumlar keçiriləcək. Parisdə, Nur-Sultanda və Türküstan bölgəsində elmi simpoziumların keçiriləcəyi yubiley tədbirlərində dünyanın 40-dan çox ölkəsindən Əl-Fərabinin həyat və yaradıcılığının tədqiqatçıları, aparıcı alimlər iştirak edəcək, beynəlxalq ekspedisiyalar təşkil olunacaq, görkəmli filosofun əsərləri tərcümə olunaraq çapdan çıxacaq, sənədli filmlər hazırlanacaq, Əl-Fərabi mərkəzləri açılacaq.
Şərqin böyük mütəfəkkirinin yubileyi UNESKO-nun yadda qalan tarixləri və hadisələri təqviminə daxil edilib. Əl-Fərabinin yubileyi İSESKO, İslam Əməkdaşlıq Təşkilatı, TÜRKSOY və digər beynəlxalq təşkilatların dəstəyi ilə geniş qeyd ediləcək.
Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2020-ci ildə dahi filosof Əbu Nəsir əl-Fərabinin 1150 illik yubileyinin keçirilməsi ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan