İQTİSADİYYAT


Əbülfəs Qarayev BMDTT-nin Baş Assambleyasında bir sıra rəsmi şəxslərlə turizm sahəsindəki əməkdaşlığı müzakirə edib

Bakı, 15 sentyabr, AZƏRTAC

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin Dünya Turizm Təşkilatının (BMDTT) 22-ci Baş Assambleyası çərçivəsində bir sıra rəsmi şəxslərlə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazir İran İslam Respublikasının vitse-prezidenti, Mədəni irs, Əl işləri və Turizm Təşkilatının rəhbəri Əli Əsgər Munesan və Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş ilə ikitərəfli görüşlər keçirib.

İran rəsmisi ilə görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, mədəni irs sahəsində həm ikitərəfli qaydada, həm də UNESCO və digər beynəlxalq təşkilatlar çərçivəsində birgə layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb. Ə.Qarayev İran rəsmisini ölkəmizə səfərə dəvət edib.

Sonra nazir türkiyəli həmkarı ilə mədəniyyət və turizm sahələrində qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıb. Hər iki nazir iki ölkənin dövlət başçılarının müdrik siyasəti nəticəsində formalaşan möhkəm dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə əməkdaşlığa töhfə verdiyini təsdiqləyərək bir sıra vacib layihələrin qısa müddətdə həyata keçirilməsini qərara alıblar. Belə ki, görüşdə yaxın aylarda Azərbaycan və Türkiyə Mədəniyyət və Turizm nazirliklərinin nümayəndələrindən ibarət turizm üzrə işçi qrupunun görüşünün keçirilməsi, UNESCO çərçivəsində xalqlarımızın ortaq mədəniyyətini əks etdirən nümunələrin birgə təqdim edilməsi, xüsusilə TÜRKSOY ilə bu sahədə münasibətlərin dərinləşdirilməsinin vacibliyi qeyd edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.