MƏDƏNİYYƏT
Əbülfəs Qarayev: Ölkəmiz Avropa mədəni irsinin ayrılmaz tərkib hissəsinə çevrilir
Bakı, 28 fevral, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda respublika müşavirəsi Avropanın mədəni marşrutlarının ölkəmizdə təşkili ilə bağlıdır. Bildiyiniz kimi, ölkəmiz beş marşrut üzrə çox fəal üzv olaraq qalmaqdadır. Bu nailiyyətləri biz son illərdə əldə etmişik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 28-də müşavirədən öncə jurnalistlərə müsahibəsində deyib.
Nazir vurğulayıb ki, Azərbaycanın Avropanın bu mədəni marşrutlarına daxil olması ölkəmizin bu istiqamətdə görəcəyi işlərin əhəmiyyətini daha da artırır: “Ölkəmiz Avropanın mədəni irsinin ayrılmaz bir irisinə çevrilir. Bu Azərbaycana gələcək qonaqların maraqlarını təmin etməkdən ötəri nəzərdə tutulur. Ölkəmizin tolerant və multikultural dəyərlərə hörmət etməsi Avropada da fakt olaraq qəbul edilir. Biz düşünürük ki, bu istiqamətdə Azərbaycan da yeni yolların təşəbbüskarı ola biləcək. Azərbaycana Avropa proqramının rəhbərinin gəlməsi və bu konfransda iştirakı ölkəmizin mədəni sahədə fəal mövqeyinin əks etdirir”.