MƏDƏNİYYƏT


Əbülfəs Qarayev Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə görüşüb

Bakı, 28 fevral, AZƏRTAC

Mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 28-də Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsinin baş direktoru Okan İbişin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə yüksək səviyyəli əməkdaşlıq, tarixi dostluq, səmimi münasibətlər əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrindən söhbət açılıb. Qeyd olunub ki, bir millət, iki dövlət olaraq xarakterizə olunan Azərbaycan-Türkiyə respublikaları arasında münasibətlər bu gün hər iki ölkənin rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatıb. Qardaş ölkələrin mədəniyyət sahəsi üzrə əməkdaşlığı da yüksək mərhələsini yaşayır.

Əbülfəs Qarayev xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin birgə əməkdaşlığa mühüm töhfə verdiyini bildirib. Diqqətə çatdırıb ki, mədəni sahədə həyata keçirilən layihələr, təşkil olunan tədbirlər ölkələrimizi bir-birinə daha da yaxınlaşdırır. Bu birlik dünya müstəvisində də birgə addımlamağa kömək edir. Bu sahədə aparılan ən uğurlu işlərin nəticəsi kimi nazir UNESCO-nun müxtəlif siyahılarına birgə təqdim olunan nominasiyaları qeyd edib. Bildirib ki, bu əməkdaşlığın davamı olaraq növbəti illərdə də birgə nominasiya fayllarının hazırlanması nəzərdə tutulur. Nazir bu əməkdaşlığın təkcə UNESCO deyil, TÜRKSOY və ISESKO çərçivəsində də gücləndirilməsinin olduqca vacib olduğunu diqqətə çatdırıb.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsinin baş direktoru Okan İbiş tarixi əlaqələrə dayanan bu münasibətlərin yüksək səviyyədə davam etməsi istiqamətində əməkdaşlığa hər zaman hazır olduqlarını vurğulayıb.

Sonda nazir müavini Sevda Məmmədəliyeva ilə Okan İbiş UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına birgə təqdim olunacaq nominasiya faylları ilə bağlı anlaşma sənədini imzalayıblar.

Qeyd olunub ki, bu sənəd Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Strateji Əməkdaşlıq sahəsindəki görüşlərinin məntiqi nəticəsi və mədəniyyət sahəsindəki əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.