MƏDƏNİYYƏT
Əbülfəs Qarayev: UNESKO-nun 44-cü sessiyasında yeni nominasiyalarımızın siyahıya salınması üçün iddia qaldıracağıq
Bakı, 10 iyul, AZƏRTAC
UNESKO-nun Çində keçiriləcək növbəti sessiyasında yeni nominasiyalarımızın Dünya İrs Siyahısına salınması üçün iddia qaldıracağıq.
AZƏRTAC xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının yekunları ilə bağlı mətbuat konfransında bildirib.
Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin ölkəmiz üçün böyük uğur olduğunu söyləyən nazir deyib: “Fəxr etməliyik ki, siyahıya daxil edilən mədəni irs nümunələrimizin sayı üçə çatıb”.
Bu prosesin asan başa gəlmədiyini qeyd edən nazir bildirib ki, altı ildir Azərbaycandan ekspertlər bu sənədi hazırlayaraq müvafiq beynəlxalq təşkilatlara təqdim edib. İlkin mərhələdə onların təhlili kifayət qədər müsbət olmayıb. Lakin Azərbaycanın gətirdiyi sübutlar və dövlətimizin başçısının məsələ ilə bağlı imzaladığı müvafiq Sərəncamın icrası bu qərarın verilməsində müsbət rol oynayıb.