SİYASƏT


Acarıstan ictimaiyyəti Tovuz hadisələri barədə məlumatlandırılıb

Tbilisi, 28 iyul, AZƏRTAC

Ölkəmizin Gürcüstanın Batumi şəhərindəki baş konsulluğunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-də baş verən son hadisələrlə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Acarıstan Muxtar Respublikasının Ali Şurası sədrinin müşaviri İrakli Beridze, İctimai Ekspertlər Birliyinin sədri Tamaz Tsintsadze, tarix elmləri doktoru, professor Sergo Dumbadze, sosiologiya elmləri doktoru Nugzar Chkhaidze, beynəlxalq hüquq üzrə ekspert Rostom Güntaişvili, “TV 12” kanalının Baş direktoru Jemal Megrelidze, Batumi Dövlət Dəniz Akademiyasının professoru Goca Chinchaladze, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra baş konsul Pərviz İsmayılzadə çıxış edərək törədilmiş təxribatlar barədə məlumat verib. Bildirib ki, Tovuz rayonu işğal olunmuş Dağlıq Qarabağdan uzaq məsafədə, Azərbaycan- Ermənistan sərhədində yerləşir.

O, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək üçün atəşkəs rejimini yenidən kobud şəkildə pozduğunu, Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutduğunu qeyd edib. Deyib ki, ordumuzun mövqeləri gözlənilmədən Ermənistan hərbçiləri tərəfindən artilleriya atəşinə tutulub. Nəticədə general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına həlak olublar. Təəssüf ki, itkilər bununla yekunlaşmayıb, mayor Namiq Əhmədov və Anar Novruzov, zabitlər İlqar Zeynallı və Yaşar Babayev, sıravi əsgər Elçin Mustafayev də şəhid olublar.

Diqqətə çatdırılıb ki, Azərbaycan silahlı qüvvələri dərhal lazımi əks tədbirləri görüb, qisas əməliyyatı həyata keçirilib, nəticədə düşmənin onlarla canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Azərbaycan Ordusu düşmənin atəş nöqtələrini, radar stansiyasını, hərbi maşınlar üçün dayanacağı, bir tankı, şəxsi heyəti daşıyan zirehli texnikanı, tabor qərargahını və hərbi infrastrukturu məhv edib.

Tədbirdə Ermənistanın radikal qüvvələri tərəfindən Azərbaycana qarşı olduqca aqressiv təxribatçı hərəkətlər müşahidə olunduğu, ölkəmizin Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikadakı diplomatik nümayəndəliklərinə qarşı bir sıra təxribatlar törədildiyi də qeyd edilib.

Digər çıxışçılar Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən son hadisələrə münasibət bildirib, Azərbaycan xalqına dəstək nümayiş etdiriblər.

Sonda Pərviz İsmayılzadə iştirakçıların baş vermiş hadisələrlə bağlı çoxsaylı suallarını cavablandırıb.

Baş konsulluğun inzibati binasında Tovuz hadisələri zamanı şəhid olmuş həmvətənlərimizin əziz xatirəsinə və Ermənistan artilleriyasından açılan atəş zamanı kənd sakinlərinin evlərin düşmüş mərminin törətdiyi fəsadlara dair fotostend nümayiş etdirilib.

Tədbir Acarıstan mətbuatında və “Acariya TV12” kanalında işıqlandırılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.