DÜNYA


Acarıstan kurortlarında dincəlmək istəyən rusiyalı turistlərin 80 faizi sifarişləri ləğv edib

Tbilisi, 13 iyul, AZƏRTAC

Tbilisidə Rusiya əleyhinə kütləvi aksiyaların təşkili və Rusiya dövlətinin başçısının ünvanına səslənən təhqiramiz ifadələr qonşu ölkənin Gürcüstan ilə münasibətlərini daha da gərginləşdirib.

AZƏRTAC xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Acarıstan Muxtar Respublikasının Turizm və Kurortlar Departamentinin sədr müavini Tamuna Kaikatsişvili söyləyib.

Onun sözlərinə görə, nəticədə Rusiya Gürcüstan ilə birbaşa aviareysləri dayandırdı, Rusiyanın turizm şirkətləri Gürcüstana turist sifarişlərini qəbul etmir. Bu isə Gürcüstanın, eləcə də Acarıstan Muxtar Respublikasının turizm sektoruna böyük zərbədir.

T.Kaikatsişvili deyib ki, departament Acarıstanın 298 turizm və kurort şirkəti ilə əlaqə saxlayıb. Onlardan 105-dən alınan məlumata görə, Acarıstan üzrə əvvəlcədən bron edilmiş yerlərin 30-35 faizi Rusiyadan olan turistlərin payına düşür. Bu 30-35 faiz bronun da 80 faizi ləğv edilib.

Onun sözlərinə görə, bununla belə, 2018-ci illə müqayisədə Acarıstana səfər edənlərin ümumi sayında artım müşahidə olunub.

Cari ilin birinci yarısında Acarıstana gələn xaricilərin sayı, keçən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artıb.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.