“Accessbank” 60 milyon ABŞ dolları dəyərində sindikatlaşdırılmış kredit cəlb etmişdir
AzerTAg.az
Bakı, 9 aprel (AZƏRTAC, Sevda Cəfərova). Aprelin 9-da “Accessbank” kütləvi informasiya nümayəndələri üçün mətbuat konfransı keçirmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda “Accessbank”ın 60 milyon ABŞ dolları dəyərində sindikatlaşdırılmış kredit cəlb etdiyi elan olunmuşdur. Bildirilmişdir ki, 16 xarici bankın qoşulduğu kredit “Raiffeisen Bank International AG” tərəfindən təşkil edilmişdir. 2014-cü ilin yanvarında başlamış əməliyyat 25 milyon ABŞ dolları toplamağı qarşısına məqsəd qoymuşdu. Beynəlxalq investorların ciddi marağına səbəb olan əməliyyat gözlənildiyindən çox sərmayəçini özünə cəlb etmiş və beləliklə, məbləğ 60 milyon dollaradək artmışdır. Kreditin müddəti bir il, dəyəri isə Libor faiz dərəcəsi ilə +3,25 faizdir.
“Accessbank”ın baş meneceri Mixael Hoffmann bildirmişdir ki, bu, “Accessbank”ın tarixində investorlar qismində yalnız kommersiya banklarının çıxış etdiyi ilk sindikatlaşdırılmış kredit əməliyyatıdır. M.Hoffmann qeyd etmişdir ki, sindikatlaşdırılmış kredit əməliyyatı “Accessbank”a və ümumiyyətlə Azərbaycan iqtisadiyyatına və bank sisteminə olan yüksək etimadın göstəricisidir.
Sonda KİV nümayəndələrinin sualları cavablandırılmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var