REGİONLAR
“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir Tərtərdə keçirilib
Tərtər, 10 avqust, AZƏRTAC
“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tərtər rayonunda keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatları Sahib Alıyev və İlham Məmmədov, Tərtər rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, layihənin koordinatoru Kərim Ağayev, Şimal-Qərb Regional Futbol Federasiyasının prezidenti Rövşən Əhmədov, rayon Uşaq-Gənclər və İdman məktəbinin direktoru Emin Quliyev və yeniyetmə futbolçular iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək rayonda uşaq futbolunun inkişafından söz açıb. Bildirib ki, Tərtər şəhərində çoxmənzilli yaşayış binalarında yaşayan yeniyetmələrin və gənclərin asudə vaxtlarının təşkili üçün bir neçə ərazidə mini futbol meydançaları quraşdırılıb.
Milli Məclisin deputatı, “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin rəhbəri Rauf Əliyev layihənin uşaq futbolunun inkişafındakı rolunu vurğulayıb. Bildirilib ki, layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.
Milli Məclisin deputatları Sahib Alıyev və İlham Məmmədov çıxışlarında ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından söz açıblar. Qeyd edilib ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçib. Respublikamız hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilib. Bakıda keçirilmiş Birinci Avropa və IV İslam Həmrəyliyi Oyunlarında, həmçinin “Rio-2016” Yay Olimpiya Oyunlarında əldə olunan yüksək nəticələr buna bariz nümunədir.
Tədbirin sonunda uşaqlara müxtəlif idman ləvazimatları hədiyyə olunub. Uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.