İQTİSADİYYAT


Açıq Məlumatlar Portalına 11 adda coğrafi xidmət əlavə olunub

Açıq Məlumatlar Portalına 11 adda coğrafi xidmət əlavə olunub

Bakı, 29 dekabr, AZƏRTAC

Elektron xəritələr üçün düzgün rəsmi mənbə – “opendata.az” təkmilləşdirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin yaratdığı “opendata.az” Açıq Məlumatlar Portalına coğrafi məlumat dəstləri daxil edilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, portala Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 adda xidməti əlavə olunub. Məlumat Hesablama Mərkəzi tərəfindən bu xidmətlərə aid tətbiqi proqramlaşdırma interfeysi (APİ) servisləri hazırlanıb. Bu APİ-lər vasitəsilə məlumatların rəqəmli olaraq istifadəsi və emalı mümkündür.

Əlavə olunan yeni xidmətlərin tərkibində Azərbaycanın rayonları, şəhər və inzibati ərazi vahidləri yer alıb. Həmçinin dəmir yollarının, çayların, göllərin koordinatları, milli parklar, avtomobil yolları, onların tipləri (magistral, kənd, şəhər tipli), meşələrin yerləşdiyi ərazilərin koordinatları, coğrafi adlar, obyektlər (dövlət idarələri və təşkilatları, özəl müəssisələr, otellər, tədris mərkəzləri və sair) əks olunub.

Yeni xidmətlərin məlumat bazası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya İdarəsi və AMEA-nın Dilçilik İnstitutu, texniki və proqram təminatı isə Məlumat Hesablama Mərkəzi tərəfindən təmin edilib.

Bu xidmətlər Azərbaycan Respublikası xəritəsinin beynəlxalq rəqəmli platformalarda, mobil tətbiqlərdə, startaplar tərəfindən istifadəsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının coğrafi adlarının, toponimlərin düzgün istifadə edilməsinə xidmət edir.

Açıq Məlumatlar Portalındakı coğrafi məlumatlardan istifadə elektron xəritələrdə erməni saxtakarlığının qarşısını almaqla yanaşı, Azərbaycan toponimlərinin dünyada tanıdılmasına da imkan verəcək.

opendata.az” portalı vasitəsilə aidiyyəti şəxslər, o cümlədən proqramçılar və startapçılar dövlət orqanları tərəfindən yaradılan məlumatlar toplusunu asanlıqla tapa, yükləyib istifadə edə bilərlər. Portal dövlət orqanlarının məlumatlar toplusunun təsvirini, eləcə də məlumatlar toplusuna və əlavə vasitələrə giriş tapmaq üçün informasiyanı özündə əks etdirir.

Xidmətlər müntəzəm təkmilləşdirilir. Nazirlik istifadəçiləri ən son yeniliklərdən xəbərdar olmaq üçün “opendata.az” elektron portalını daim izləməyə dəvət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.