ELM VƏ TƏHSİL
Açıq ensiklopediyanın türk dili bölməsində Azərbaycanla bağlı yeni məqalələr yaradılacaq
Bakı, 6 iyun, AZƏRTAC
“Vikipediya”nın türk dili bölməsində fəallığı artırmaq lazımdır. Açıq ensiklopediyada Azərbaycanla bağlı yeni məqalələr yaradılmalıdır.
Bunu AZƏRTAC-a açıqlamasında Türkiyənin “Osmaniyə Korkut Ata” Universitetinin beynəlxalq münasibətlər fakültəsinin müəllimi Elnur Paşa deyib. O bildirib ki, Türkiyənin elmi dairələrində yüzlərlə azərbaycanlı mütəxəssis çalışır, minlərlə tələbə təhsil alır.
“AMEA-nı Mərkəzi Elmi Kitabxanasının peşəkar, təcrübəli təlimçiləri tərəfindən onlayn “Vikipediya” təlimləri keçilir. Xaricdə və Azərbaycanda təhsil alan gənclərimizin təlimlərdə iştirakını sosial şəbəkə üzərindən də izləyirəm. Mərkəzin təlim prosesini dəstəkləmək və "Vikipediya"nın türk dili bölməsində Azərbaycanla bağlı yaradılan məqalələrin redaktəsini zənginləşdirmək lazımdır. Tariximizə, mədəniyyətimizə, ədəbiyyatımıza aid yeni məqalələr yaradılmalıdır. Bunun üçün böyük potensial var. Bu potensialı koordinasiya edə bilsək, sərbəst elektron resurslarda Azərbaycana aid məlumatları zənginləşdirə bilərik”, - deyə Elnur Paşa qeyd edib.