Açıq havada fəaliyyət göstərən ictimai iaşə obyektlərinin böyük əksəriyyətində qaydalara riayət olunur, aşkarlanan nöqsanlar aradan qaldırılır VİDEO
AzerTAg.az
Bakı, 19 avqust, AZƏRTAC
Xəbər verildiyi kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 18-dən etibarən Bakı şəhəri də daxil olmaqla, 7 şəhər və 6 rayonda ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilib. Qərara uyğun olaraq müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu obyektlərin qeyd edilən qərara uyğun şəkildə fəaliyyətinin yoxlanılması məqsədilə Bakı şəhər və paytaxt rayonlarının icra hakimiyyətləri, İqtisadiyyat Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Bakı Şəhər Baş Polis İdarəsinin məsul əməkdaşları tərəfindən birgə reydlər keçirilib. Reydlər zamanı koronavirus pandemiyası dövründə açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində virusa yoluxma hallarının qarşısının alınması məqsədilə həmin müəssisələrdə təmizlik və dezinfeksiya işlərinin dövriliyinə, tətbiqinə icazə verilən dezinfeksiyaedici maddələrdən düzgün istifadə qaydalarına riayət edilməsi məsələləri araşdırılıb, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun qurulması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə kafe və restoranlarda xidmət personalı ilə söhbətlər aparılıb.
Reydlər zamanı açıq havada fəaliyyət göstərən əksər iaşə obyektlərində Operativ Qərargahın qərarlarına uyğun şəraitin yaradılması, burada qaydalara düzgün riayət edilməsi müəyyən olunub. Aşkar edilən nöqsanlar yerində aradan qaldırılıb, mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri zəruri sosial davranış̧ qaydaları və sanitar-epidemioloji normalar barədə məlumatlandırılıb. Keçirilən reydlər nəticəsində müəyyən olunub ki, obyektlərin 80-85 faizində qoyulan qaydalara əməl edilir.
Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva bildirib ki, ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda işçi heyət xüsusi iş geyimi ilə təchiz olunmalıdır və bu geyim günün sonunda yüksək temperaturda təmizlənməlidir. Hər bir vətəndaş ictimai nəzarət funksiyasını da həyata keçirməlidir.
Dövlət Vergi Xidmətinin əməkdaşı Araz Kərimov qeyd edib ki, dünən Bakı şəhərində 1617 ictimai iaşə obyektində monitorinq aparılıb. Onlardan 102-də nöqsanlar aşkarlanıb və müvafiq tədbirlər görülüb. Əksər sahibkarlar isə qoyulan qaydalara əməl edirlər.
Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirinin müavini İsrafil Kərimov vurğulayıb ki, iki gün ərzində keçirilən reydlər zamanı ictimai iaşə obyektlərində hər hansı ciddi nöqsana yol verilməsi halı qeydə alınmayıb. Mövcud çatışmazlıqlar isə dərhal aradan qaldırılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev hər bir vətəndaşdan mövcud qaydalara əməl etməyin tələb olunduğunu bildirib.
Qeyd edək ki, ictimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət və birgə reydlər davam etdiriləcək.














Xəbərin mətnində orfoqrafik səhv var