İQTİSADİYYAT
Açıq məkandakı reklamlara baxış sayını müəyyənləşdirən texnologiya tətbiq edilə bilər
Bakı, 7 mart, AZƏRTAC
Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) açıq məkandakı reklamlara baxış sayını müəyyənləşdirən texnologiyanın tətbiqini nəzərdən keçirir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, bu barədə razılıq ADRA nümayəndə heyətinin Türkiyəyə etdiyi işgüzar səfər zamanı əldə olunub. Qabaqcıl dünya təcrübəsi və reklam sahəsində beynəlxalq yeniliklərlə tanış olmaq məqsədilə agentliyin monitorinq və nəzarət şöbəsinin müdiri Emin Baxşəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda bir sıra əhəmiyyətli görüşlər keçirib. Nümayəndə heyətinin qatıldığı toplantılarda hər iki ölkənin reklam bazarında tənzimləmə prosesi, bu sahənin inkişafı yolları, eləcə də qarşılıqlı fikir mübadilələri aparılıb. Reklam sahəsində rəqəmsal texnologiyaya keçid, innovativ yeniliklərin tətbiqi, həmçinin açıq məkanda reklamların yayım effektivliyinin artırılması üsulları və sair mövzularda müasir standartlar nəzərdən keçirilib.
Görüşlərdə Türkiyə nümayəndələrinə ADRA, onun fəaliyyəti və ölkənin açıq məkanda reklam mühiti barədə ətraflı məlumat verilib, perspektivlər və planlar barədə danışılıb. Gələcəkdə bu sahəyə dair müştərək seminar və təlimlərin keçirilməsi qərara alınıb. İstanbul Böyük Şəhər Bələdiyyəsi nəzdindəki qurum rəsmiləri ilə görüşdən sonra ADRA təmsilçiləri reklam daşıyıcılarının istehsalı ilə məşğul olan zavodu ziyarət ediblər.
Qeyd edək ki, reklam sahəsinə aid beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi üçün agentliyin nümayəndələrinin bir sıra xarici ölkələrə səfərləri planlaşdırılır.