ELM VƏ TƏHSİL
“Açıq qapı” günləri UNEC-in şəffaf universitetə çevrilməsində mühüm rol oynayır
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) sonuncu “Açıq qapı” günü keçirilib. Qış imtahan sessiyasına həsr edilən qəbulda rektor Ədalət Muradov, UNEC-in İctimai Nəzarət Şurasının üzvləri iştirak ediblər.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, müraciətlər əsasən imtahan nəticələrinin yüksəldilməsi və intizam qaydalarının pozulması ilə bağlı olub. Qəbulda, həmçinin hər ayın birinci şənbə günü keçirilən “Açıq qapı” günündə iştirak edən vətəndaşların da müraciətləri dinlənilib. Müraciətlərin bir çoxu yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı isə qaydalara uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Şura üzvləri imtahanlarda şəffaflığın təmin edilməsi və obyektivliyin qorunması istiqamətində həyata keçirilən tədbirləri, xüsusilə rektorun hər həftə müraciətləri dinləməsini yüksək qiymətləndiriblər. Vurğulanıb ki, “Açıq qapı” günləri UNEC-in şəffaf universitetə çevrilməsində mühüm rol oynayır.