MƏDƏNİYYƏT
Açıq səma altında heyrətamiz muzey
Bakı, 3 oktyabr, AZƏRTAC
"Qala" Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yerli sakinlərin ən çox ziyarət etdiyi məkanlardan hesab edilir. Muzeyi digərlərindən fərqləndirən əsas cəhət burada sərgilənən eksponatların açıq səma altında olmasıdır.
AZƏRTAC xəbər verir ki, muzey kompleksində qədim yaşayış məskənləri, kurqanlar, digər memarlıq abidələri ilk görkəmdə olduğu kimi nümayiş etdirilir. Dünyanın açıq səma altında yaradılmış nadir muzeylərindən olan Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində qədim evlər və məişətdə istifadə olunan əşyalar daha çox diqqət çəkir.
Kompleksdə Abşeron yarımadasında tapılmış və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları nümayiş etdirilir.
Muzeyin bələdçisi Azərbaycanın tarixindən, Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri haqqında geniş məlumat verərək bildirdi ki, ərazidə 266 memarlıq və arxeoloji abidə qorunur. Ən qədim aşkar edilən abidə e.ə. III minilliyə aid olan qədim insan yaşayış məskənidir.
Muzeyin yaradılmasının əsas məqsədi "Qala" Dövlət Tarix Etnoqrafiya qoruğunun ərazisindəki abidələrin qorunması, Abşeronda aşkar edilən arxeoloji tapıntılar hesabına qoruğun zənginləşdirilməsidir.
Qeyd edək ki, Dünyanın açıq səma altında yaradılmış nadir muzeylərindən olan "Qala" Arxeoloji Etnoqrafik Muzey Kompleksi 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə "Qala" qoruğu ərazisində yaradılıb.