MƏDƏNİYYƏT
Açıq xarakterli mədəni konsaltinq xidmətləri davam edir
Bakı, 23 iyun, AZƏRTAC
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi karantin rejiminin tələblərini nəzərə alaraq, müxtəlif profilli mədəniyyət müəssisələrinin əməkdaşları üçün mədəni konsaltinq xidmətlərini təqdim etməyə davam edir. Bura müxtəlif ixtisaslar üzrə təlimlər, metodiki vəsaitlərin təqdimatı, debatlar, tanınmış yerli və əcnəbi alimlərin mühazirələri, fərqli təyinatlı təqdimatlar və açıq diskussiyalar daxildir.
AZƏRTAC xəbər verir ki, mədəni konsaltinq layihəsi çərçivəsində iyunun 23-də mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyevin və sektor müdiri Pakizə Almazovanın "XXI əsrin muzeylər dünyası: inkişaf vektorları” mövzusunda canlı mühazirə təşkil olunub. Zoom proqramı vasitəsilə keçirilmiş mühazirədə sahə əməkdaşları ilə yanaşı, mədəniyyət könüllüləri də iştirak ediblər.
Tədbirin moderatoru mərkəzin elmi katibi Cavid Əliyev karantin dövrünün bilik və bacarıqların artırılması üçün əlverişli şərait yaratdığını bildirib və daha sonra dinləyicilərə layihə haqqında məlumatlar, perspektiv planlar, habelə mühazirənin müzakirə predmeti haqqında məlumat verib. Məruzə ilə ilk çıxış edən P.Almazova mühazirəsində Azərbaycanda muzey sahəsində aparılan islahatlar, ölkəmizdəki muzeylər dünyasının dinamik inkişafı, muzey memarlığında aparıcı tendensiyalar, muzey ekspozisiyası, muzey menecmenti və digər önəmli məsələlərə toxunub.
Daha sonra müxtəlif regionlardan olan mədəniyyət işçilərinin iştirakı ilə baş tutmuş açıq mühazirədə A.Usubəliyev çıxış edib. Transformasiyaya uğramış mədəniyyət siyasətinin qarşısında duran strateji vəzifələrin reallaşması kontekstində muzeylərin fəaliyyətində yeni yanaşmalar, müasir forma və inkişaf yolları, onların populyarlığı, əməkdaşların peşəkarlığı, muzeylərin tarixi, fəlsəfəsi və digər maraq doğuran mövzulara toxunub.
Sahə üzrə kadrların hazırlanmasında maarifləndirmənin əhəmiyyətindən danışan direktor muzeylərin rəqəmsallaşmasının vacibliyini vurğulayıb. Muzeylərin fəaliyyətində müasir dövrün tələblərini diqqətdə saxlamağı və ona uyğunlaşmanın zəruri olduğunu qeyd edib, gənc kadrların cəlb edilməsinin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Muzey fəaliyyətinin müasir və klassik modelləri haqqında məlumat verən A.Usubəliyev Azərbaycanda tətbiq oluna biləcək yanaşmalar haqqında öz fikirlərini iştirakçılarla bölüşüb. Müzakirə olunmuş mövzular çərçivəsində konkret layihələr və onların reallaşma imkanları araşdırılıb. Muzeylərin cəmiyyətdə populyarlığının artırılması məqsədilə onların sosial imicinin artırılmasına xidmət edəcək virtual layihələrin reallaşması ətrafında da fikir mübadiləsi aparılıb.
Mühazirədə həmçinin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova, Azərbaycan İstiqlal Muzeyinin direktor müavini Gülyana Məmmədova və Quba tarix-diyarşünaslıq muzeyinin direktoru Məryəm Hacıyeva iştirak ediblər.
Məruzəçilər və dinləyicilər kreativ və rəqəmsal metodlardan istifadənin və qabaqcıl təcrübənin mənimsənilməsinin vacibliyini bildirib, muzeylərin xüsusilə gənc və yeniyetmələr arasında populyarlığının artırılması məqsədilə potensialların səfərbər olmasının vacibliyindən də danışıblar.
Tədbirin sonunda iştirakçılara elektron sertifikatlar təqdim olunub.