CƏMİYYƏT
Əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən olunması prosedurunun təkmilləşdirilməsi məsələləri müzakirə olunub
Bakı, 14 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICMPD) nümayəndələri ilə görüş olub. Nazirliyin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov ötən dövrdə ölkəmizdə formalaşmış miqrasiya qanunvericiliyində mütərəqqi beynəlxalq yanaşmalara və bu qanunvericiliyin təkmilləşdirilməsi işlərində də qabaqcıl dünya təcrübəsinə istinad olunduğunu deyib.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, ICMPD tərəfindən müvafiq layihə çərçivəsində həyata keçirilmiş “Azərbaycanın əmək bazarında əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən edilməsi” adlı tədqiqatın nəticələrindən bəhs olunub.
Tədqiqatda ICMPD ilə birgə layihələr əsasında beynəlxalq təcrübə nəzərə alınmaqla əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən olunması prosedurunun, yüksəkixtisaslı miqrant işçilərin cəlb olunması mexanizminin və s. təkmilləşdirilməsi ilə bağlı tövsiyələr də yer alıb.
Görüşdə ölkəmizdə əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən olunması prosedurunun təkmilləşdirilməsi məsələləri ICMPD-in nümayəndələri ilə birgə müzakirə olunub. Bu sahədə tədqiqatda əskini tapan tövsiyələrə uyğun istiqamətlər üzrə təkliflərin hazırlanaraq təqdim olunması razılaşdırılıb.