REGİONLAR


Əcnəbi tələbələr Qarabağlar Türbə Kompleksi ilə tanış olublar

Kəngərli, 24 yanvar, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələr Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən Qarabağlar Türbə Kompleksi ilə tanış olublar.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, burada tələbələrə qədim tarixi abidə haqqında məlumat verilib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi elmi və tarixi əsaslarla bərpa edilib.

Qeyd olunub ki, Qarabağlar Türbə Kompleksi qoşa minarə və onları birləşdirən baştağ, xanəgah və türbədən ibarətdir. Zaman keçdikcə dağıntıya məruz qalan kompleksin əsasını Naxçıvan memarlıq məktəbinin incilərindən olan Qarabağlar türbəsi təşkil edir. Qülləvari xatirə tikintilərinə aid olan türbə on iki yarımsilindrin birləşməsindən ibarətdir. Diametri 10 metrə yaxın olan, hazırkı vəziyyətdə hündürlüyü 16 metrə çatan Qarabağlar türbəsinin 4 baştağı vardır. Baştağlarının dördünün də baş tərəfində müqəddəs “Qurani-Kərim”in “əl-Mumin” surəsindən 16-cı ayənin son hissəsi yazılıb. Bərpa zamanı abidənin tarixi görkəmi qorunub saxlanılıb.

Universitetin ümumi işlər üzrə prorektoru Xəyal Camalov əcnəbi tələbələrə Naxçıvanın tarixi, mədəniyyəti haqında da məlumat verib. Bildirib ki, qədim tarixi özündə əks etdirən memarlıq tikililərinə malik olan Naxçıvan bəşəriyyətin beşiyi, sivilizasiyanın məskənidir.

Ekskursiyanın sonunda əcnəbi tələbələr üçün “Görüş yeri” kafesində çay və yemək süfrəsi təşkil edilib. Banqladeşli tələbə MD Tanvir Rahman, nigeriyalı tələbə Rotimi Adekunle qeyd ediblər ki, Naxçıvanda onlar özlərini çox rahat hiss edirlər. Tələbələr qonaqpərvərliyə və onlar üçün yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.

Ali təhsil ocağının xarici tələbələr üzrə dekanı Ceyran Quliyeva diqqətə çatdırıb ki, əcnəbi tələbələrin sayına görə Naxçıvan Dövlət Universiteti Azərbaycan universitetləri arasında liderliyini qoruyub saxlayır. Bu da universitetdə xarici tələbələrə göstərilən yüksək dövlət qayğısı ilə birbaşa bağlıdır. O, tariximizin tanıdılması üçün bu cür ekskursiyaların əhəmiyyətini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.