QAN YADDAŞI
Əcnəbi tələbələr Xocalı soyqırımını insanlığa qarşı cinayət adlandırıblar
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tədris olunan ilk dərslər Xocalı soyqırımına həsr olunub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, dərslər gənc nəslə XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək məqsədilə təşkil olunub.
Xocalı soyqırımını insanlığa qarşı cinayət adlandıran UNEC-in əcnəbi tələbələri soyqırımı qurbanlarının xatirəsinə ucaldılan xatirə ağacından çox təsirləndiklərini deyiblər. Əfqanıstan vətəndaşı Muhammed Vahidulla ağacın 613 yarpağının hərəsində bir faciə qurbanının adının həkk edilməsinin çox təsirli olduğunu bildirib: “Bu ağacın qarşısından keçərkən onları ehtiramla yad edir, müharibədə neçə-neçə günahsız insanın ömrünün yarımçıq qalmasına təəssüf edirəm. Hesab edirəm ki, dünya bu ədalətsizliyə göz yummamalıdır”.
UNEC-in bütün fakültələrində, Zaqatala filialında və universitetin nəzdində Azərbaycan Maliyyə İqtisad Kollecində Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib. Tələbələrə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi mərhələli soyqırımı siyasəti barədə ətraflı məlumat verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərdən söz açılıb.