ELM VƏ TƏHSİL
Əcnəbi tələbələr ölkəmiz haqqında daha çox informasiya əldə etməyə çalışırlar
Bakı, 4 avqust, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) beynəlxalq əməkdaşlıq şöbəsinin və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) birgə təşkilatçılığı ilə “ADNSU Yay məktəbi-2017” davam edir.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, iyulun 31-dən start götürən yay məktəbində Almaniya, Türkiyə, Peru, İtaliya və Azərbaycandan olan 21 tələbə yerli mütəxəssislər tərəfindən “Postneft dövrünün iqtisadiyyatı” mövzusunda mühazirələrdə iştirak edirlər.
Yay məktəbi ərzində akademik hissə ilə yanaşı, iştirakçılar üçün mədəni tədbirlər də nəzərdə tutulub. Artıq yay məktəbinin iştirakçıları Səngəçal terminalı, Xalça Muzeyi və İçərişəhəri ziyarət ediblər.
ADNSU-nun beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cəmilə İsmayılzadə bildirib ki, tələbələr “ADNSU Yay məktəbi-2017”də böyük həvəslə iştirak edirlər. Onlar Azərbaycanın tarixi, mədəniyyəti ilə yaxından maraqlanır, ölkəmiz haqqında daha çox informasiya əldə etməyə çalışırlar. Mədəni tədbirlər çərçivəsində iştirakçılar həftəsonu Şəki şəhərinə səfər edəcəklər.
Qeyd edək ki, “Şüvəlan qəsəbəsində A.S.Makarenko adına Humanitar Fənlər Gimnaziyasında təşkil olunan ADNSU Yay məktəbi-2017” avqustun 11-dək davam edəcək. Yay məktəbinin maliyyə xərcləri DAAD tərəfindən ödənilib.