REGİONLAR


Əcnəbi turistlərin artması qədim əşyalar və suvenirlər bazarında canlanma yaradıb VİDEO

Quba, 24 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Son illər ölkəmizə gələn əcnəbi turistlərin sayının xeyli artması qədim əşyalar və suvenirlər bazarında canlanma yaradıb. Başqa ölkələrdən gələn alıcılar daha çox toxuculuq məmulatlarına üstünlük verirlər.

Bu barədə AZƏRTAC-a müsahibəsində qədim əşyaların satışı ilə məşğul olan Ağacan Kərimov məlumat verib. Qubanın mərkəzində fəaliyyət göstərən bu dükanın əsas müştəriləri xarici qonaqlardır.

Ağacan Kərimov qədim xalçalar, pullar, küplər, xəncərlər, ütülər, samovarlar, misdən hazırlanan məişət əşyaları toplamaq üçün otuz ilə yaxın vaxt sərf edib. Hazırda onun dükanında 500-ə yaxın qədim əşya var. Onların arasında 150-200 il yaşı olan xəncərlərə, bir əsrin yadigarı olan samovarlara, X-XIX əsrə aid pullara rast gəlmək olar.

Bu dükandakı ən ucuz əşyalar alıcılara 2-3 manata təklif edilən keçən əsrin yadigarı olan kasalardır. Xırda məişət əşyaları içərisində mis fincanlar daha baha qiymətə - 50 manata satılır. Ən bahalı əşyalar sırasında xalça və samovarları göstərmək olar. Samovarlar alıcılara 150-600 manata təklif edilir. Xalçaların qiyməti isə ölçüsündən və toxunma vaxtından asılı olaraq 100-10 min manat arasında dəyişir.

Ağacan Kərimov qeyd edib ki, bu əşyaları əldə etmək asan başa gəlmir. Buradakı əşyaların əksəriyyəti uzun illər ərzində toplanıb. Bəzi hallarda isə sakinlər evlərindəki qədim əşyaları dükana gətirib satmaq istədiklərini bildirirlər.

Quba sakini dükana gələn turistlərə qədim əşyalarla yanaşı, ölkəmizi tərənnüm edən suvenirlər də təklif edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.